“Mövcud “Proqram”ı yerinə yetirmədən islahatçılıq görüntüsü yaratmaq, özümüzü aldatmaqdan başqa bir şey deyil.”
Məlum olduğu kimi təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər müəssisə və təşkilatlardan ibarətdir.
Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il 168 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"- nın əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, müəllim və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraiti təmin etmək, . onların sosial müdafiәsinə zəmanət vermək, perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilmək, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət idi.
Proqramda islahatın praktiki yönümlülüyü — dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi; təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;
mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması; təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyәtinin və rəqabət qabiliyyətinin yüksəldilməsi; təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə əlaqələndirilməsi və təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi əsas vəzifələr kimi təsbit olunmuşdu
Proqramda habelə islahatın məqsədi və prinsipləri, mərhələləri, başlıca istiqamətləri, islahatın əsaslandırılması, islahatın həyata keçirilmə mexanizmi, təhsil sisteminin statistikası, normativ hüquqi baza, təlimatlar və normativlər, təhsilin aktual problemləri öz əksini tapmış, təhsil sisteminin strukturunda, təhsilin məzmununda, kadr təminatında, informasiya, tədris və elmi-metodiki təminatında, təhsilin idarə olunmasında, maddi-texniki bazasında ediləcək dəyişikliklər əsaslandırilmışdı. İslahatın əsas istiqamətləri - məktəbəqədər müəssisələr şəbəkəsini təkmilləşdirmək, yeni tipli müəssisələr yeni təhsil kompleksləri yaratmaq, ümumtəhsil məktəbləri şəbəkəsində özəl sektoru stimullaşdırmaq, peşə-ixtisas məktəblərinin yeni profillərini təyin etmək, Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikasının Təhsil Akademiyasını yaratmaq, mütəxəssis hazırlığı diqqət mərkəzində saxlamaq, rəhbər kadrların hazırlanması və yenidən hazırlanmasını təşkil etmək, yeni attestasiya Əsasnaməsi hazırlamaq, Milli Tərbiyə Proqramını hazırlamaq və həyata keçirilmək, İdarəetmənin planlaşdırma, əlaqələndirmə, tənzimləmə, nəzarət və sair funksiyaları yeni məzmun və formalarda tətbiq etmək, mütəxəssis hazırlığına dövlət sifarişinin təmin edilməsinin mexanizmini yaratmaq, valideynlərin, yuxarı sinif şagirdlərinin, tələbələrin, təhsil müəssisəsi təsisçilərinin, sponsorluq edən müəssisə və təşkilatların, təhsillə bağlı digər qurumların təhsilin idarə olunmasında təmsil olunmasını təşkil etmək, təhsil sahəsində hazırlanan normativ hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin cəlb olunmasını təmin etmək kimi vəzifələr önə çəkilmişdi.
Ən başlıca gözləntimiz isə müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılması, ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun; demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması idi.
Gözlənilən digər nəticələr isə əsasən, aşağıdakı vəzifələrin reallaşması olmalı idi:
1.Təhsil sisteminin yeni normativ hüquqi, iqtisadi və informasiya bazası yaradılacaq.
2.Müxtəlif yönüm və səviyyəli təhsil müəssisələrinin inteqrasiyası nəticəsində onların bazasında yeni tipli elm-təhsil mərkəzləri yaradılacaq, təhsil müəssisələri şəbəkəsi yenidən qurulacaqdır. Bazar iqtisadiyyatının tələbatına uyğun təhsil sisteminin yeni strukturu yaradılacaq.
3.Ümumi və peşə təhsilinin bütün pillə və səviyyələrində dövlət təhsil standartlarına müvafiq təhsil proqramları və tədris planları yenidən hazırlanacaq. Təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq.
4.Kadr hazırlığı və təhsil sektoru işçilәrinin çevikliyi, peşəkarlığı və rəqabət qabiliyyəti artırılacaq.
5.Təhsilin tədris, elmi-metodiki və informasiya təminatı real tələbata və strateji istiqamətlərə uyğun qurulacaq.
ö.Təhsil sistemində dövlət-ictimai və ictimai-dövlət xarakterli yeni idarəetmə modeli yaradılacaq. Təhsilin dinamik inkişafmı və yüksək keyfiyyәtini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətinin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.
7.Təhsil sistemi müəssisələrinin təchizatının yeni mexanizmi, müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılacaq.
8.Təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi model yaradılacaq.
Quruldumu...? Yaradıldımı...” Artırıldımı...?
Müstəqilliyimizin ilk rəsmi və samballı sənədi olan"Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın məqsəd və vəzifələrini xatırlatmaqda məqsədim odur ki, keçən müddət ərzində nə etməli olduğumuz halda, nə etdiyimiz barədə bir daha düşünək, etmədiyimizi edək. Əks halda, mövcud “Proqrqm”ı yerinə yetirmədən islahatçılıq görüntüsü yaratmaq, özümüzü aldatmaqdan başqa bir şey olmayacaq. Bir də ki, yenilik etmək xatirinə əlavə islahatlar aparmaq fikrinə düşmüşüksə, mənəviyyatımızın saflaşmasına yönəlik islahatlara böyük ehtiyacımız var. Çünki, “Mənəviyyat olmadan istənilən islahat əhəmiyyətsizdir.”